Xəbərlər
Hikmət Babaoğlu: Media sahəsində aparılan islahatlar çoxşaxəli xarakter daşıyır
“Media universal alət kimi milli təhlükəsizliyimizin informasiya komponentində mühüm rol oynayır. Əslində, biz medianın gücünün və onun imkanlarının nə qədər böyük olduğunu Vətən müharibəsində bir daha gördük. İstər xarici qlobal informasiya, istərsə də daxili informasiya məkanında medianın bir çox məsələlərdə həlledici funksiya yerinə yetirməsi danılmazdır”. Bu sözləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
O bildirib ki, media sahəsində hazırda aparılan islahatlar olduqca vacibdir və bu islahatlar çoxşaxəli xarakter daşıyır: “Yəni medianın fəaliyyətini tənzimləyəcək hüquqi sahədən başlamış onun iqtisadi əsaslarının formalaşmasına, peşəkarlıqdan başlamış onun ictimai nüfuzuna qədər bütün sahələri əhatə edəcək dərin islahatların aparılması bugünkü zərurətdir. Təəssüf ki, illərlə alışdığımız klassik media ənənələri ilə bu gün tələb olunan çağırışlara cavab vermək olmur. Ona görə də bu sahədə mütərəqqi təcrübə harada varsa, biz onu mənimsəməli, özününküləşdirməli və yeni keyfiyyətdə milli media yaratmağı bacarmalıyıq. Burada, ilk növbədə, rəqabətqabiliyyətli və iqtisadi baxımdan müstəqil media institutlarının yaradılmasından söhbət gedir. Ancaq rəqabət, şübhəsiz ki, ilk növbədə, peşəkar, intellektual sahədən başlamalı və iqtisadi rəqabətqabiliyyətliliyə qədər davam etməlidir. Dolayısı ilə, medianın keyfiyyəti onun iqtisadi təminatı ilə ekvivalent təşkil etməlidir. Elə hazırda media sahəsində həyata keçirilən islahatların məqsədi də budur”.
Hikmət Babaoğlu qeyd edib ki, artıq bu istiqamətdə bir sıra mühüm addımlar atılıb və atılmaqdadır: “Ən vacib məsələlərdən biri də mediada vahid qeydiyyat sisteminin təşkili və jurnalist statusunun kimlərə şamil edilməsi məsələsidir. Çünki məsələ istər peşəkar fəaliyyət, istərsə də bu fəaliyyətin sırf hüquqi müstəvidə tənzimlənməsi baxımından olduqca aktualdır. Ona görə də bu sahədə təcrübədə özünü doğrultmuş qardaş Türkiyədəki nümunəyə istinad edərək bənzər formanı tətbiq edə bilərik. Bu, informasiya istehsalçıları ilə istehlakçıları arasında etibarlı və obyektiv körpü qurmaq baxımından səmərəli model təşkil edə bilər. Bəzi hallarda informasiya istehsalçısı, yaxud mənbəyi ilə informasiya subyektləri arasındakı anlaşılmazlığın sırf peşəkar yanaşmanın olmamasından qaynaqlandığını bilirik. Ona görə də islahatlar prosesində bütün nümunəvi təcrübələr nəzərə alınmaqla növbəti addımları elə müəyyənləşdirməliyik ki, islahatlarda nəzərdə tutduğumuz məqsədlərə çataq. Əminəm ki, belə də olacaq”.