Xəbərlər
Hikmət Babaoğlu: Milli barışıq olmasa, heç belə kütləvi milli vətənpərvərlik ruhu da olmazdı
“Ölkəmizdə milli barışıq və onun əsasını təşkil edən ictimai həmrəylik 1990-cı illərin ikinci yarısından bəri bərqərar olub və bu gün ictimai münasibətlərimizdə elə təzadlar və ziddiyyətlər yoxdur ki, biz onların aradan qaldırılması üçün milli barışıqdan danışaq. Əgər elə olmasaydı, bu gün sabitlik, ortaq dəyərlər və mənafelər ətrafında milli enerjinin konsolidasiyası hadisəsi də olmazdı”. Bu fikirləri Milli Məclisin deputatı Hikmət babaoğlu “Yeni Müsavat”a açıqlamasında deyib.
“Sevindirici haldır ki, Azərbaycan cəmiyyəti ümumi milli ideoloji və sosial identikliyi özü üçün təmin edib. Ortaq sosial kimlik məsələsi çoxdan həll edilib və ən üst sosial kimlik kimi bütün hüquqi dövlətlərdə olduğu kimi, vətəndaşlıq kimliyi müəyyən edilib. Bu qədər vacib hüquqi və sosial reallıqları görməzlikdən gəlib kimlərsə milli barışığın olmamasında danışırsa, bu, fikrimcə, əldə etdiyimiz bu dəyərləri istismar etməkdir. Doğrusu, bəzi marginal qruplar, əslində, müxtəlif manipulyativ vasitələrlə bunu etməyə çalışırlar. Ona görə də çox diqqətli olmalı və süni şəkildə “milli barışıq” mövzusunu ortaya atanların milli enerjimizi olmayan problemə yönləndirməsinə yol verməməliyik”, - deyə Hikmət Babaoğlu əlavə edib.
“Ölkənin müharibə ovqatına kökləndiyi vaxt milli barışığın önəmi nələrdir” sualına cavabında deputat vurğulayıb ki, əslində, ən əsas məsələlər bu sualın birinci hissəsində olan məzmundadır: “Cəmiyyətimiz müharibə ovqatına köklənib və bu çox yaxşıdır. Torpaqlarının 20 faizi işğal altında olan xalqın belə əhval-ruhiyyədə olması olduqca vacibdir. Bu əhval-ruhiyyə o qədər kütləvi və qətiyyətlidir ki, özlüyündə həm də milli barışığın olmadığını deyənlərə yaxşı cavabdır. Milli barışıq olmasa, heç belə kütləvi milli vətənpərvərlik ruhu da olmazdı. Tanrıya şükürlər olsun ki, xalqımız vətənpərvərlik, döyüşkənlik, hər şeyini vətənin azadlığı üçün fəda etmək ruhunu heç vaxt itirmədi. Elə Ali Baş Komandanmızın rəhbərliyi altında Qarabağımızı işğaldan azad edəcək əzm və qətiyyət də budur”.